Nəticə: Tək mütləq varlıq Allahdır

Sayt boyunca filmlərdən, elmi və texnoloji tədqiqatlardan nümunələr verərək izah etdiyimiz bu mövzunun əhəmiyyəti, insanları dünyagörüşlərinə qazandırdığı dərinlik, ruh halları üzərində yaratdığı müsbət təsirdən irəli gəlir. Bizə, çöldəki fiziki dünyanın əslinə çata bilmədən yaşadığımız və bir film lenti kimi izlədiyimiz bir həyatımız olduğunu göstərən bu həqiqətlər, eyni zamanda, bu filmin həm oyunçusu, həm də tamaşaçısı olduğumuzu da isbat edir.


Maddə -biz görsək də, görməsək də- çöldə vardır. Ancaq biz maddənin əslinə heç bir zaman çata bilmərik. Bu səbəbdən, bizim üçün maddə xəyal olaraq vardır. Açıq-aşkar dəlillərə baxmayaraq maddənin çöldəki əsliylə təmasda olduğuna inanmaq isə, yuxarıdakı filmlərdə nümunələrini gördüyümüz kimi bir filmdə və ya bir kompyuter oyunundakı virtual obrazların, əslində fiziki bir dünyada yaşadıqlarına inanmalarına bənzər bir vəziyyətdir. Yaxud da, yuxularımızda yaşadığımız dünyanın, insanların, cisimlərin maddi qarşılıqları olduğunu düşünməyimiz kimi bir yanaşmadır.


Yaxşı, bura qədər maddənin əslinə bağlı izah etdiyimiz bu həqiqətlər bizə nəyi göstərir? Bütün bunlar bizə əvvəlcə bu sualların cavabını düşündürməlidir:


Qapqaranlıq bir məkanda, bir gözə, retinaya, mərcəyə, göz sinirlərinə, göz bəbəyinə ehtiyac duymadan, elektrik siqnallarını rəngarəng bir bağça olaraq görən, bu gördüyü mənzərədən zövq alan kimdir?


Heç bir səsin girə bilmədiyi beyində, bir qulağa ehtiyac duymadan, elektrik siqnallarını xoşuna gələn bir melodiya olaraq duyan, bundan zövq alan kimdir?


Beyinin içində bir ələ, barmaqlara, əzələlərə ehtiyac duymadan məxmərin yumşaqlığını hiss edən kimdir?


İstilik, soyuqluq, keyfiyyət, forma, dərinlik, uzaqlıq kimi toxunma duyğularını əslinin eynisi olaraq beyində kim yaşayır?


Heç bir qoxunun girə bilmədiyi beyinin içində, növbənöv çiçəklərin qoxusunu kim ayırd edir ya da sevdiyi yeməyin qoxusunu eşidincə iştahı açılan kimdir?


Beyinin içində yaranan bu görünüşləri, bir televizor ekranından seyr edər kimi izləyən, izlədikləri ilə sevinən, kədərlənən, həyəcanlanan, məmnuniyyət duyan, təlaşlanan, maraqlanan kimdir? Bütün gördüklərini və hiss etdiklərini şərh edəcək şüur kimə aiddir? Bu görünüşləri izləyən, düşünən, nəticə çıxaran, qərar verən şüur sahibi varlıq kimdir?


Bütün bunları qəbul edən, şüuru meydana gətirən varlığın, şüursuz atomların meydana gətirdiyi, su, yağ zülal kimi maddələrdən meydana gələn beyin ola bilməyəcəyi açıqdır. Ağıl və vicdan sahibi hər insan, həyatı boyunca yaşadığı hər hadisəni beyninin içindəki ekrandan izləyən varlığın, "ruhu" olduğunu dərhal anlayacaqdır. Hər insan gözə ehtiyac duymadan görə bilən, qulağa ehtiyac duymadan eşidə bilən, beyinə ehtiyac duymadan düşünə bilən bir ruha malikdir.


Ruhun təmasda olduğu hisslər kainatını yaradan və hər an yaratmağa davam edən isə, Uca Allahdır.

 

 

Hər kəs zehnindəki kölgə görünüşlərlə təmasda olduğunu bilsə necə bir mühit olar?

Maddənin əsli ilə təmasda olmadıqlarını, yalnız Allahın özlərinə izlətdirdiyi görünüşlər ilə iç-içə olduqlarını bilən insanların bütün həyatları, həyata dünyagörüşləri və dəyər mühakimələri dəyişəcəkdir. Bu, həm fərdi, həm də ictimai mənada faydalı bir dəyişmə olacaqdır. Çünki bu həqiqəti görən insan, Allahın Quranda bildirdiyi üstün mömin əxlaqını heç çətinlik çəkmədən yaşayacaqdır.


Dünyaya əhəmiyyət verməyən, maddənin xəyal olduğunu anlayan insanlar üçün əhəmiyyət verilməsi lazım olan şey mənəviyyat olacaqdır. Allahın hər an özünü eşitdiyini və gördüyünü bilən, etdiyi hər hərəkətə görə axirətdə hesab verəcəyini idrak edən bir adam təbii olaraq gözəl əxlaqlı olacaq, Allahın əmr və qadağanlarına ciddi yanaşacaqdır. Beləcə, cəmiyyətdə hər kəs bir-birinə qarşı sevgi və hörmət dolu olacaq, yaxşı və gözəl davranışlarda hər kəs bir-biriylə yarışacaqdır. İnsanlar arasındakı dəyər mühakimələri dəyişəcək, maddə dəyərini itirəcək, beləcə insanlar arasında üstünlük, mövqe və vəzifəyə görə deyil, əxlaqa və təqvaya görə olacaqdır. Kimsə, əsli xəyal olan şeylərin arxasından qaçmayacaq, hər kəs həqiqətin arxasından gedəcəkdir. İnsanlar "kim nə düşünər?" zehniyyətiylə deyil, "Allahın məmnun olacağı rəftar hansıdır?" düşüncəsiylə hərəkət edəcəkdirlər. Mal, mülk, mövqe və vəzifədən qaynaqlanan qürur, özünü bəyənmişlik hisslərinin yerini təvazökarlıq və acizliyini çox yaxşı anlama hissi alacaqdır. Bu səbəbdən, insanlar Quranda bəhs edilən bütün gözəl əxlaq nümunələrini sevərək və istəyərək yaşayacaqdırlar. Bu sayılan dəyişmələr isə günümüzdəki cəmiyyətlərinin bir çox problemini təbii olaraq ortadan qaldıracaqdır.


Kiçik mənfəətləri üçün belə əsəbləşən, hirslənən, təcavüzkarlaşan insanların yerini, hər gördüyünün xəyal olduğunu bilən, bu səbəblə qəzəb, hirs, qışqırıb çığırma kimi reaksiyaların özünü hörmətdən salacağını bilən insanlar alacaqdır. Bunun sayəsində, insanlara və cəmiyyətlərə dinclik və təhlükəsizlik hakim olacaq, hər kəs həyatından və sahib olduqlarından məmnun olacaqdır. Məhz insanlardan gizlənən bu həqiqətin, insanlara və cəmiyyətlərə qazandıracağı nemətlərin bir qismi bunlardır. Bu həqiqətin bilinməsi, düşünülməsi və yaşanmasıyla birlikdə insanlar daha bir çox gözəlliklərə qovuşacaqlar. Bu gözəlliklərə qovuşmaq istəyən kəslərin etməli olduğu şey isə bu böyük həqiqəti yaxşıca düşünmək və anlamağa cəhd göstərməkdir. Allah bir ayəsində belə bildirmişdir:

 

Həqiqət budur ki, sizə Rəbbinizdən bəsirətlər gəlmişdir. Kim bəsirətlə görsə öz lehinə, kim də kor olsa (görmək istəməzsə) öz əleyhinədir... (Ənam surəsi, 104)

 

 

Materializm hər batil fəlsəfə kimi çökmüşdür

Materializm, insanlıq tarixi boyunca mövcud olmuş və bu fəlsəfənin müdafiəçiləri, maddəni özlərinə saxta dəlil götürərək, özlərini yoxdan var edən, bir heç ikən özlərinə can verən, içində yaşaya biləcəkləri bir kainat yaradan Allaha iman etmirlər. Burada açıq-aşkar dəlilləriylə izah edilən həqiqətlər, bu fəlsəfəni təməldən yıxıb atır, üzərində müzakirəyə səbəb buraxmır. Beləcə, bütün düşüncələrini, həyatlarını, qürurlarını və inkarlarını üzərinə bina etdikləri maddə, əllərindən bir anda uçub getmişdir. Hətta materialist elm adamları, etdikləri araşdırmalar nəticəsində, bütün gördükləri şeylərin həqiqətdə sandıqları kimi maddənin əsli olmadığını, əksinə beyinlərində meydana gələn kölgə görünüşlər olduğunu isbat edərək, materialist inanca öz əlləriylə zərbə vurmuşdurlar.


XXI əsr, bu həqiqətin bütün insanlar arasında yayılacağı, materializmin isə yer üzündən silinəcəyi tarixi bir dönüş nöqtəsidir. Materialist fəlsəfələrin təsirində qalaraq maddəni mütləq varlıq zənn edən bəzi insanlar artıq özlərinin xəyal, tək mütləq varlığın Allah olduğunu, Allahın varlığının hər yeri sarıb əhatə etdiyini anlamışdırlar. Bu həqiqət ayələrdə belə bildirilir:

 

Allah... Ondan başqa ilah yoxdur. Diridir, qaimdir. Onu mürgüləmə və yuxu tutmaz. Göylərdə və yerdə nə varsa hamısı Onundur... O, önlərindəkini və arxalarındakını bilir. (Onlar isə) Dilədiyi qədərinin xaricində, Onun elmindən heç bir şeyi qavrayıb-əhatə edə bilməzlər. Onun kürsüsü, bütün göyləri və yeri örtüb-əhatə etmişdir... O, çox ucadır, çox böyükdür. (Bəqərə surəsi, 255)

 

Allah, həqiqətən Özündən başqa İlah olmadığına şahidlik etdi; mələklər və elm sahibləri də Ondan başqa İlah olmadığına ədalətlə şahidlik etdilər. Əziz və Hakim olan Ondan başqa İlah yoxdur. (Ali İmran surəsi, 18)

 

O, Allahdır, Özündən başqa İlah yoxdur. İlkdə də, sonda da həmd Onundur. Hökm Onundur və Ona qaytarılacaqsınız. (Qəsas surəsi, 70)